Keçid linkləri

2025, 08 Avqust, Cümə, Bakı vaxtı 17:03

'Açıq qapını itələdilər' - 8 avqust sammitindən Qərb mediası nə yazır


İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sülh sammiti dünya mediasının da gündəmindədir.

"Axios" yazır ki, imzalanacaq sənəd ABŞ prezidenti Donald Trampın indiyədək əldə etdiyi ən böyük xarici siyasət uğurlarındandır və dünyada ən çox çəkən münaqişələrdən birinə son qoya bilər.

"Bu, Trampa özünü qlobal baş sülhməramlı göstərməyə daha bir şans verəcək", – nəşr yazır və diqqəti ABŞ-nin vasitəçilik etdiyi sazişdə mühüm iqtisadi komponentin olmasına diqqət çəkir. Belə ki, "Tramp marşrutu" Türkiyə və Azərbaycan arasında, daha sonra Orta Asiyaya İran və Rusiyadan keçmədən tranzitə imkan yaradacaq.

"Bu saziş Ermənistanı dünyaya açır. İrana bel bağlamaqdansa, bundan sonra onların əsas tərəfdaşı ABŞ olacaq", – bir ABŞ rəsmisi deyib.

Qalır çeki nağdlaşdırmaq...

"Politico" nəşri Ağ evdəki üç rəsmiyə istinadla yazır ki, Ermənistan Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi marşrutun işlənməsi ilə bağlı eksklüziv hüquqları 99 illiyə ABŞ-yə verməyə razılaşıb. ABŞ isə bu ərazini konsorsiumun icarəsinə verəcək, 43 km-lik marşrut boyunca dəmiryol, neft, qaz, fiberoptik, ola bilsin, elektrik xətləri çəkiləcək.

"Sabah çekin yazılması üçün əl sıxacaqlar, amma biz hələ kontraktı möhürləməli, çeki nağdlaşdırmalıyıq", – bir rəsmi deyib.

Razılaşma çərçivəsində Vaşinqtonun Bakıya müdafiə əməkdaşlığına məhdudiyyətləri qaldıracağı gözlənilir. Azadlığa Dəstək Aktına "907-ci düzəliş" Ermənistanla münaqişədən dolayı illərlə Azərbaycana bu yardımı qadağan etsə də, ABŞ prezidentləri onu dondururdu. Amma Co Bayden administrasiyası qadağanı bərpa etmişdi. "Politico" yazır ki, bir məqamda Bakı ABŞ-dən 100 milyon dollarlıq hərbi avadanlıq və başqa maliyyə alıb.

"Açıq qapını itələdilər"

"Rusiyanın regiondakı nüfuzu son illər zəifləyib. Tramp və komandası bu fürsəti gördü və açıq qapını itələdirlər". Bunu "The Financial Times" qəzetinə Hadson İnstitutunun aparıcı əməkdaşı Lyuk Koffi deyib. "Paşinyan və Əliyev xaricdən müdaxilə və liderliyə susamışdılar. Tramp bu iki ölkəni 1990-cı illərdən bəri hər hansı digər dövlət və ya liderə nisbətən sülhə daha da yaxınlaşdırıb". – o əlavə edib.

"Trump körpüsü" və Amerikanın mövcudluğu

"Newsweek" yazır ki, 8 avqust sülh sammitində gözlənən razılaşma Azərbaycan və Ermənistanın sərhədlərini aşaraq onlarla həmsərhəd Rusiya, İran və Türkiyə üçün də nəticələr doğuracaq. Məsələn, Moskva və Tehran Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizində maraqlıdır, bu marşrutla Hindistandan Rusiyaya uzanan, sanksiyalardan azad dəmiryol xətti çəkilişi nəzərdə tutulur. "Tramp körpüsü" isə bu planı poza bilər, çünki İranın Ermənistanla sərhədinə yaxın çəkilə bilər.

Beynəlxalq Böhran Qrupunun aparıcı təhlilçisi Coşua Kuçera deyir ki, İranla Rusiya ABŞ-nin regionda mövcudluğundan narahatdır, xüsusilə də təhlükəsizlik məsələlərində: "Haqqında danışdığımız marşrut birbaşa İranla sərhəddən keçir və orada Amerikanın istənilən iştirakı çox həssas məsələdir".

C.Kuçera Türkiyənin Ermənistan və Azərbaycan ərazisindən şərqə doğru daha yaxşı nəqliyyat əlaqələrinə can atdığını vurğulayır.

Avqustun 8-də İlham Əliyevlə Nikol Paşinyan Ağ evdə bir sıra sənədlər imzalayacaqlar. Birgə bəyannamə ilə münasibətlərin tam normallaşması rəsmiləşdiriləcək.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

ATƏT-in Minsk qrupundan çıxmaqla bağlı birgə məktub imzalanacaq.

ABŞ Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda anlaşma memorandumları imzalayacaq.

XS
SM
MD
LG