Keçid linkləri

2025, 07 Avqust, Cümə axşamı, Bakı vaxtı 22:22

Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük cəza almış şəxsin ailəsi onun aclıq etdiyini bildirir


Fazil Mustafa
Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun iyulun 21-dən aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən ailə üzvləri bildiriblər ki, A.Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq İdarəsinin rəisi Elşən Murtuzovla görüşmək istəyir. Buna səbəb ona hökm oxunandan az sonra oğlu Əbülfəz Səricanovun da həbs olunması və Cinayət Məcəlləsinin 28,277-ci (dövlət xadimi və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd hazırlığı) maddəsiylə suçlanmasıdır.

Oğul Səricanov bu ilin martında həbs olunub və DTX-nın İstintaq Təcridxanasında saxlanılır. Ailə üzvlərinin bildirdiyinə görə, martın 17-də onu iş yerindən mülkigeyimli şəxslər aparıb və yalnız iki gün sonra onun DTX-da olduğu bilinib.

"Azər Səricanov oğluna qarşı baş verənlərdən çox narahatdır. Buna görə Elşən Murtuzovla görüşmək istəyir", - yaxınları belə deyirlər.

Xatırlatma

Fazil Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisə beş nəfərin həbsinə yol açıb. İttihama görə, sui-qəsd planı İranda müzakirə olunub, bundan ötrü Bakıya 30 min dollar pul göndərilib.

Cinayətin təşkilində suçlanan A.Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üçünə isə 18-20 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər bu hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, sonuc dəyişməyib.

Onlar deputata atəş açdıqlarını təsdiqləyiblər, ancaq bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, dini mövzuda səsləndirdiyi fikirlərə görə onu cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Bu üzdən, F.Mustafanın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açdıqlarını deyiblər.

XS
SM
MD
LG