Keçid linkləri

2025, 07 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:16

Kreml Tramp-Putin sammitini anons etdi


Prezident Donald Tramp Hamburqda keçirilən G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşür. 2017
Prezident Donald Tramp Hamburqda keçirilən G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşür. 2017

Rusiya və ABŞ Vladimir Putinlə Donald Tramp arasında yaxın günlərdə zirvə görüşünün keçirilməsi barədə razılığa gəlib. Bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Hazırda sammitə hazırlıq gedir və məkan da razılaşdırılıb. Bu barədə məlumat daha sonra veriləcək, - o əlavə edib.

Uşakovun sözlərinə görə, Moskva, hələlik, Putinin Tramp və Zelenski ilə üçlü danışıqlarına hazırlaşmır. O, təklifin Vaşinqtondan gəldiyini iddia edir. "Bu variant konkret müzakirə olunmayıb. Rusiya tərəfi bu variantı tamamilə şərhsiz buraxıb", - diplomat bildirib.

6 avqust

Rubio: müharibənin bitməsinin əsas elementi ərazi məsələsi olacaq

Ərazi məsələləri Rusiya və Ukrayna arasında müharibənin bitməsinin əsas elementləri olacaq. "Reuters" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, prezident Trampın inauqurasiyasından bəri ilk dəfədir Rusiyanın müharibəni dayandırmaq üçün nə tələb edə biləcəyi ilə bağlı konkretlik var.

Rusiyaya ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı suala cavabında dövlət katibi prezidentin yaxın 24-36 saat ərzində qərar verəcəyini bildirib.

Gələn həftə Trampla Putinin görüşünün keçirilməsinin mümkünlüyünə gəlincə, Rubio vurğulayıb ki, bu, yaxın gələcəkdə tərəflər arasında danışıqların nə dərəcədə uğurla irəliləməsindən asılıdır.

Vaşinqtonda bu fikirdədirlər ki, Ukrayna üzrə danışıqların müəyyən mərhələsində atəşkəs elan olunmalıdır, - Rubio əlavə edib.

Avropanın diplomatik dairələrindəki mənbə AzadlıqRadiosunun müxbirinə deyib ki, "görünür, Tramp və Putin arasında görüş hazırlanır". NYT Trampın avqustun 6-da Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə telefon danışığının məzmunu ilə tanış olan mənbələrinə istinadən yazır ki, belə bir görüş artıq gələn həftə baş tuta bilər.

Putin və Tramp arasında gözlənilən görüşün yeri hələ müəyyənləşdirilməyib. Bu, Qətər və ya İsveçrə ola bilər. CNN-nin mənbələri Rusiya-Amerika sammitinin bu qədər tez təşkil oluna biləcəyinə şübhə ilə yanaşır.

NYT-nin məlumatına görə, Putinlə ehtimal olunan danışıqlardan qısa müddət sonra Tramp Putin və Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır. Nəşrin mənbələrinə görə, o, Avropa dövlətlərinin başçılarını bu görüşə dəvət etmək fikrində deyil.

Tramp: Müharibə bitməlidir

ABŞ prezidenti Donald Tramp Putin və Uitkoffun danışıqlarında "əhəmiyyətli irəliləyiş" olduğunu açıqlayıb.

"Mənim xüsusi nümayəndəm Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə son dərəcə məhsuldar görüş keçirib. Böyük irəliləyiş əldə olunub! Bundan sonra mən bəzi avropalı müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə bitməlidir. Yaxın günlərdə və həftələrdə bunun üzərində işləyəcəyik", - Tramp "Truth Social" hesabında yazıb.

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyllidir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonda Uitkoffun Putinlə Kremldəki danışıqlarının nəticələrini müzakirə edib.

"Tərəfdaşlarımızla birgə mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, dürüst sonluq olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak edib... Biz Moskvada deyilənləri müzakirə etdik. Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq. Hamımıza uzun və davamlı sülh lazımdır", - Zelenski sosial şəbəkələrdə yazıb.

"Görünür, Rusiya indi atəşkəsə daha çox meyllidir. Onlara təzyiq işləyir. Amma əsas odur ki, bizi təfərrüatlarda aldatmasınlar - nə bizi, nə də Birləşmiş Ştatları", - o, axşam müraciətində deyib.

V.Putin və S.Uitkoff
V.Putin və S.Uitkoff

'Trampdan siqnallar alınıb'. Kremldə Putin və Uitkoffun görüşü başa çatıb

Kremldə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başa çatıb. Görüş iki saat yarımdan bir qədər çox davam edib və ehtimal ki, ABŞ prezidenti Donald Trampın Moskvaya ultimatumuna həsr olunub.

Tramp Rusiyadan avqustun 8-dək Ukrayna ilə atəşkəsə razılaşmağı tələb edir. Görüşdən əvvəl "The Financial Times" qəzetinin mənbəsi iddia edirdi ki, Uitkoffun səfəri heç bir nəticə verməsə, ABŞ prezidenti "qəzəblənəcək".

Putinin Uitkoff ilə Moskvada görüşü son altı ayda beşincidir.

Danışıqlardan sonra mətbuat konfransı keçirilməyib.

Putinin köməkçisi Yuri Uşakov Putinin Uitkoffla söhbətini "çox faydalı və konstruktiv" adlandırıb. Onun sözlərinə görə, danışıqlarda Ukrayna böhranı və ABŞ ilə Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivləri müzakirə olunub. "Bizim tərəfimizdən, xüsusən də Ukrayna məsələsi ilə bağlı bəzi siqnallar verilib", - Uşakov bildirib. "Müvafiq siqnallar prezident Trampdan da alınıb".

"Vnukovo" hava limanında Uitkoffu Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. "Ölkələr arasında dialoq qalib gələcək", - danışıqların yekunları ilə bağlı o, X sosial şəbəkəsində yazıb.

XS
SM
MD
LG