Keçid linkləri

2025, 08 Avqust, Cümə, Bakı vaxtı 14:24

Uzunmüddətli münaqişələrin təcrübəsi: Sazişin imzalanması özlüyündə davamlı sülhə zəmanət vermir


Paşinyan, Tramp, Əliyev
Paşinyan, Tramp, Əliyev

1991-ci ildə Sovet İttifaqının süqutu ilə müstəqillik qazanan Azərbaycan və Ermənistan o vaxtdan bəri Qarabağ uğrunda iki müharibə aparıb.

Cənubi Qafqazın bu iki dövləti 2020-ci ildə baş verən son silahlı münaqişədən və (2023-cü ildə) Qarabağdan etnik erməni əhalisinin kütləvi köçündən sonra münasibətləri normallaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atıblar. Yerevandakı rəsmilər Qarabağı artıq Azərbaycanın suveren ərazisi kimi tanıyırlar.

İllərlə aparılan ikitərəfli danışıqlardan sonra 2025-ci ilin martında sülh sazişi mətninin yekunlaşması beynəlxalq miqyasda alqışlansa da, sənəd hələ də imzalanmayıb.

Azərbaycan bu sənədin imzalanması üçün Ermənistan Konstitusiyasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması şərtini irəli sürüb. Həmin bəyannamədə isə 1989-cu ildə Sovet Ermənistanı və Dağlıq Qarabağın qanunverici orqanları tərəfindən qəbul edilmiş birləşmə aktına istinad olunur. Bakı, həmçinin, onilliklər boyunca Qarabağ münaqişəsinin nizamlanmasına çalışmış ATƏT-in Minsk qrupunun (həmsədrlər ABŞ, Fransa və Rusiya idi) ləğv olunması üçün birgə müraciət olunmasını tələb edir.

Ermənistan hər iki şərti faktiki olaraq qəbul edib. Lakin Yerevan bəyan edir ki, prinsipcə, qarşıdakı bir neçə il ərzində qəbul ediləcək yeni Konstitusiyanın qəbulu Ermənistanın daxili məsələsidir və Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət sülh sazişinin imzalanması ilə eyni vaxtda baş verə bilər. Lakin bunlar yekun sazişin əldə olunmasına mane olan yeganə məsələlər deyil.

Sərhəd məsələləri

Beynəlxalq ictimaiyyətin də alqışladığı digər bir diplomatik irəliləyiş nəticəsində Ermənistan və Azərbaycan 2024-cü ilin yaz-yay aylarında şimal sərhədlərinin 13 kilometrlik hissəsində ilk dəfə delimitasiya və demarkasiya prosesini həyata keçirib. Nəticədə, Ermənistan ordusu 1990-cı illərin əvvəllərində iki ölkə arasında müharibə başlamazdan əvvəl Sovet Azərbaycanının tərkibində olmuş dörd kənddən geri çəkilib. Hər iki tərəf sərhədin delimitasiya və demarkasiya prosesini davam etdirmək barədə razılığa gəlsə də, son bir il ərzində digər sərhəd hissələrində irəliləyiş əldə olunmayıb. Ermənistan iddia edir ki, Azərbaycan hələ də onun 200 kvadrat kilometrlik ərazisini nəzarət altında saxlayır.

Ermənistan müxalifəti bu mübahisəli sərhəd demarkasiyası və Yerevanın növbəti diplomatik addımlarını "kapitulyasiya" adlandıraraq Paşinyanın istefasını tələb edib. Lakin 2024-cü ilin may və iyun aylarında minlərlə insanın iştirak etdiyi davamlı küçə etirazları və mitinqlər nəticəsiz başa çatıb. Ermənistanın baş naziri isə hökumətinin Azərbaycanla dayanıqlı sülh axtarışlarının hələ də cəmiyyətin geniş dəstəyinə malik olduğunu bəyan edib.

"Zəngəzur dəhlizi"

2020-ci ildə Qarabağda 44 günlük müharibəyə son qoymaq üçün Moskvanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalanıb. Bu razılaşmanın maddələrindən birinə əsasən, Ermənistan Azərbaycanla onun eksklavı – Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməli və vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə "maneəsiz" hərəkətini təmin etməlidir.

Azərbaycan və Türkiyənin blokadasında olan Ermənistan israr edir ki, istənilən tranzit marşrutu daha geniş regional kommunikasiyaların açılması prosesinin bir hissəsi olmalı və Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü tam şəkildə təmin olunmalıdır. Yerevan rəsmiləri bu ideyanı və hətta ekstraterritorial (Ermənistanın suverenliyindən kənar) dəhliz narrativini rədd edərək bunu Azərbaycanın üstüörtülü ərazi iddiası kimi qiymətləndiriblər.

2024-cü ildə tərəflər bu məsələ üzrə ortaq həll tapa bilmədiyi üçün Azərbaycan və Ermənistan razılaşıblar ki, bu məsələ sülh sazişindən ayrıca şəkildə müzakirə olunsun.

Vaşinqton görüşündə 'Tramp marşrutu' razılaşdırıla bilər
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

2020-ci il atəşkəs razılaşmasına əsasən, Ermənistan və Azərbaycan arasındakı nəqliyyat əlaqələrinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Mühafizə Xidməti tərəfindən həyata keçirilməli idi. Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi (birgünlük) hərbi əməliyyat zamanı Rusiya sülhməramlılarının bölgənin etnik erməni əhalisini qoruya bilməməsi və daha sonra bölgədən çıxması fonunda Ermənistan geosiyasi kursunu dəyişib və Moskvadan uzaqlaşaraq Qərblə daha sıx əməkdaşlığa yönəlib.

ABŞ-nin rolu

Ermənistan və Azərbaycan arasında davam edən mübahisənin mümkün həlli çərçivəsində yolun idarəçiliyində ABŞ-nin iştirakı ilə bağlı müzakirələr iyulun 10-da Əbu-Dabidə Paşinyan və Əliyev arasında keçirilmiş sammit ərəfəsində gündəmə gəlib. Beş saat davam edən həmin görüşün əsas mövzularından birinin də nəqliyyat bağlantıları olduğu güman edilir.

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, Vaşinqton iki Cənubi Qafqaz ölkəsi arasında sülh sazişinə töhfə vermək məqsədilə belə bir nəqliyyat bağlantısı üçün 100 illik icarə modeli təklif edib.

"Onlar (Ermənistan və Azərbaycan) 32 kilometrlik bir yol üzərində mübahisə edirlər, amma bu, zarafat deyil", – Barrak iyulun 11-də Nyu-Yorkda jurnalistlərə bildirib. "Bu artıq illərdir ki, davam edir – 32 kilometrlik bir yol".

Ermənistan baş nazirinin sözçüsü Nazeli Bağdasaryan icarə ideyasını inkar etsə də, Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında ABŞ-nin insan və yük daşımalarının Sünikdən keçidinin idarə olunmasının amerikalı şirkətə həvalə olunmasını təklif etdiyini təsdiqləyib. O, Yerevanın bu marşrutun idarəsini üçüncü tərəfə – o cümlədən ABŞ şirkətinə və ya yeni yaradılacaq birgə müəssisəyə – verməyə hazır olduğuna işarə edib. Bununla belə, Paşinyan vurğulayıb ki, İranla sərhəddə yerləşən yeganə bölgəsi üzərində ölkənin suverenliyi tam şəkildə qorunmalıdır.

"Biz dəmir və avtomobil yolları haqqında çox danışırıq, amma bu kontekstdə biz həm də boru kəmərləri, elektrik xətləri və telekommunikasiya kabellərindən danışırıq – bu, yaradılması və idarə olunması lazım olan bir infrastrukturdur", –o bildirib.

Prezident İlham Əliyev isə, öz növbəsində, tələblərini bir daha təkrarlayıb. "Azərbaycan vətəndaşları və yük maşınları Ermənistan sərhədçilərinin və ya başqa birinin üzünü görməməlidir", –o, iyulda bildirib. "Fiziki təmas olmamalıdır, bizim vətəndaşlarımız və yüklərimiz üçün sərbəst keçidi təmin edən təhlükəsizlik zəmanətləri mövcud olmalıdır".

Ermənistan hökuməti bu tələbləri rədd edib. Bu arada Ermənistan müxalifəti yalnız konkret tranzit marşrutu deyil, regionda bütün nəqliyyat yollarının açılmasını nəzərdə tutan daha geniş dialoqun başlanmasını tələb edir. Məqsəd Ermənistanın uzun illərdir davam edən blokadasına son qoymaqdır.

Paşinyan və Əliyev
Paşinyan və Əliyev

Digər regional oyunçuların reaksiyaları

Dayanıqlı sülh və Ermənistandan keçəcək tranzit marşrutun açılması neft və qazla zəngin Qafqaz və Mərkəzi Asiyanı Rusiya və İrandan keçmədən Avropa ilə birləşdirmək potensialına malikdir.

Həm Rusiya, həm də İran ABŞ-nin Ermənistanın İranla sərhəddə yerləşən strateji Sünik bölgəsində mümkün varlığı ilə bağlı narahatlıq ifadə ediblər.

Moskva Vaşinqtonu Azərbaycan - Ermənistan sülh prosesini ələ keçirməyə və regional gücləri bu prosesdən kənarlaşdırmağa çalışmaqda ittiham edib.

"Qərb Bakı ilə Yerevan arasındakı barışıq prosesini öz xəttinə keçirmək niyyətindədir", –Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 24-də keçirdiyi mətbuat konfransında bildirib. "Biz yaxşı bilirik ki, bu xətt adətən hara aparır... Bu, regiondakı təhlükəsizlik sisteminin balanssızlaşmasına səbəb ola bilər".

İran da Ermənistanla olan şimal sərhədini təhlükəyə ata biləcək istənilən razılaşmaya qarşı olduğunu qəti şəkildə bildirib.

İranın ali lider Əli Xameneinin baş müşaviri "regionda və ya ondan kənarda yerləşən" ölkələrə xəbərdarlıq edib ki, onlar Azərbaycan üçün Ermənistanın İranla sərhəd ərazisindən keçəcək quru dəhlizi təmin etməyə çalışmaqdan çəkinsinlər.

"Öz maraqlarına və regionun maraqlarına laqeyd olan bəzi iddialı hökumətlər "Zəngəzur dəhlizi" məsələsini gündəmə gətirərək Cənubi Qafqazda öz qeyri-legitim məqsədlərini irəlilətmək üçün hər qapını döyürlər", –Əli Əkbər Vilayəti avqustun 4-də X platformasında yazıb. Bu açıqlama, Trampın Ermənistan və Azərbaycan liderlərini Ağ evdə qəbul edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra verilib.

Trampın Nobel Sülh Mükafatı iddiası

Müşahidəçilər hesab edir ki, bu gün - 8 avqustda Ağ evdə keçiriləcək görüş prezident Tramp üçün Nobel Sülh Mükafatına namizədliyini gücləndirmək baxımından əhəmiyyətli bir fürsət ola bilər.

Ağ ev iddia edir ki, Tramp bir neçə qlobal münaqişəni uğurla həll edib. Bunlara Tailand və Kamboca, İsrail və İran, Ruanda və Konqo Demokratik Respublikası, Hindistan və Pakistan, Serbiya və Kosovo, Misir və Efiopiya arasındakı mübahisələr daxildir.

Lakin Kosovo və Serbiya kimi uzunmüddətli münaqişələrin təcrübəsi göstərir ki, sazişin imzalanması özlüyündə davamlı sülhə və sabitliyə zəmanət vermir. Dərin kök salmış problemlər hələ də qalmaqdadır – bunlara Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması ilə bağlı həll olunmamış məsələlər və Bakıda hələ də saxlanılan erməni əsirlərin taleyi daxildir. Üstəlik, iki xalq arasında artıq 40 ili aşan düşmənçilik əhəmiyyətli barışıq cəhdlərini çətinləşdirir.

Vaşinqtonda veriləcək Azərbaycan - Ermənistan bəyanatı cümə günü prezident Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı müharibəyə son qoymaqla bağlı verdiyi ultimatumun müddətinin başa çatması ilə eyni vaxta təsadüf edəcək. Müşahidəçilər hesab edirlər ki, Qafqazda mümkün irəliləyiş Moskvanın Vaşinqtonun tələbini rədd etməsi halında diplomatik uğursuzluğu kompensasiya etməyə yardım edə bilər.

XS
SM
MD
LG