Keçid linkləri

2025, 06 Avqust, çərşənbə, Bakı vaxtı 11:38

ABŞ-NATO silah razılaşması Ukraynanı hələ də qeyri-müəyyən vəziyyətdə qoyur


ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşür.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşür.

İyulda NATO-nun Avropadakı müttəfiqlərinin Ukrayna üçün ABŞ silahları, o cümlədən "Patriot" raketlərini alması barədə razılıq əldə olunub. Almaniya yaxın günlərdə iki "Patriot" kompleksinin Kiyevə göndəriləcəyini elan etsə də, bu razılaşmanın qarşıdakı aylarda Ukraynanın həqiqi ehtiyaclarını ödəyib-ödəməyəcəyi ilə bağlı suallar hələ də qalır.

İyulun 14-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və NATO baş katibi Mark Ruttenin elan etdiyi razılaşma əslində üç ildən artıqdır Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri Qərb müttəfiqlərinin fəaliyyət modelinin davamıdır: Avropalılar özlərində olan hərbi texnikanı Kiyevə göndərir, sonra isə ehtiyatlarını, əsasən, Amerika istehsalı olan yeni silahlarla doldururlar.

Ancaq indi əsas fərq ondan ibarətdir ki, Avropalılar Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə artırmalıdır, çünki Tramp administrasiyası Ukraynaya yardımla bağlı, hələlik, heç bir yeni öhdəlik götürməyib və yalnız Bayden administrasiyası dövründə vəd edilən tədarüklər davam edir.

Avropalılar müəyyən dərəcədə yaranmış boşluğu doldurmaq üçün silah istehsalını artırıblar. Almaniyada yerləşən Kil İnstitutunun məlumatına görə, 2022-ci ilin iyunundan bəri ilk dəfə olaraq Avropa Ukraynaya ümumi hərbi yardım həcminə görə ABŞ-ni geridə qoyub. Belə ki, Ukraynaya Avropadan 72 milyard avro (83 milyard dollar), Vaşinqtondan isə 65 milyard avro yardım edilib.

NATO-nun artan müdafiə xərcləri

Ukrayna və onun müttəfiqləri üçün əsas sual təklif olunan mexanizmin nə dərəcədə effektiv olacağıdır. Uzunmüddətli perspektivdə Avropa ölkələri daha çox silah almağa məcbur qalacaqlar, çünki iyunda Haaqada keçirilən NATO sammitində 2034-cü ilə qədər müdafiəyə ÜDM-in 5 faizini xərcləməyə dair öhdəlik götürüblər. Ukrayna üçün nəzərdə tutulan silahlar bu xərclərin əsas hissəsini təşkil edəcək.

Aİ ölkələrindən AzadlıqRadiosuna anonim danışan bir diplomat deyib ki, iyulda əldə olunan Vaşinqton razılaşması amerikalıların xüsusilə Ukrayna və ümumilikdə Avropa ilə maraqlanmasının ən yaxşı yoludur, çünki ABŞ Avropanın müdafiə xərclərindən faydalanacaq.

Avropa öz müdafiə sektoruna sərmayə qoymağa həvəsli olsa da, bu, vaxt aparacaq. Avropalı liderlər qərara gəlib ki, heç olmasa, qısa müddətdə ABŞ silahlarını almaq daha yaxşı seçimdir.

"Bu ya belə olacaq, ya da Ukrayna silahsız qalacaq", - adının çəkilməsini istəməyən və rəsmi açıqlama verməyə səlahiyyəti olmayan bir NATO rəsmisi AzadlıqRadiosuna deyib. "Düşünürəm ki, Avropada artıq bunun hansısa formada baş verməsinin qaçılmaz olduğu acı reallıq kimi qəbul olunub".

İyulun 21-də NATO-ya üzv bütün dövlətlər və bir neçə qeyri-NATO tərəfdaşı daxil olmaqla 50-dən çox ölkənin ittifaqı - Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Vaşinqton razılaşması elan edildikdən sonra ilk dəfə onlayn formatda görüşüb.

Qərbin Kiyevə silah tədarükünün əsas koordinatoru olan qrupun iclasında yeddi ölkə Ukrayna üçün Amerika silahları almaqda maraqlı olduğunu bildirib. Bu ölkələrə Kanada, Belçika, Almaniya, Niderland və bəzi Skandinaviya ölkələri daxildir.

Altı Avropa ölkəsi "Patriot" raketdən müdafiə sistemlərindən istifadə edir.
Altı Avropa ölkəsi "Patriot" raketdən müdafiə sistemlərindən istifadə edir.

Avqustun 5-də Niderland yeni mexanizm çərçivəsində tam paketi maliyyələşdirən ilk NATO ölkəsi olub. Bu ölkə Ukrayna üçün 500 milyon dollar dəyərində hərbi yardım paketi elan edib. Bu paketə ABŞ istehsalı olan silah sistemləri, o cümlədən "Patriot" raketləri üçün ehtiyat hissələri daxildir.

"İndi Niderland ABŞ-nin ehtiyatlarından hərbi texnika tədarükündə liderliyi ələ alır", - Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.

"Ukraynanı qətiyyətlə dəstəkləyərək biz danışıqlar aparmaq üçün Rusiyaya təzyiqi artırırıq", - o vurğulayıb.

Avqustun 5-də isə NATO baş katib M.Rutte X platformasındakı paylaşımında bildirib ki, Niderlanddan sonra "Danimarka, Norveç və İsveç ABŞ-nin Ukraynaya hərbi dəstək paketini maliyyələşdirmək üçün sürətli hərəkətə keçir".

"Ramşteyn qrupu" kimi tanınan Təmas Qrupunun əsas ideyası ondan ibarətdir ki, Ukrayna ehtiyac duyduğu hərbi texnika ilə bağlı - xüsusilə hava hücumundan müdafiə və sursat sahəsində - əhatəli "istək siyahısı" təqdim edir, NATO isə bu hərbi avadanlıqların alınmasının təxmini dəyərini hesablayır. Payızda "Ramşteyn qrupu"nun yenidən toplanması gözlənilir və bu görüşün ilk dəfə Ukraynada keçirilməsi istisna olunmur.

İndi əsas sual hərbi texnikanın Ukraynaya nə qədər tez müddətə çatdırıla biləcəyidir. Avropa ölkələrinin bu il 2 milyon ədəd 155 millimetrlik artilleriya mərmisi tədarük edəcəyi gözlənilir. Həmçinin Qərbin maliyyə dəstəyi ilə Ukraynanın yerli istehsala başlaması da ABŞ ixracatının dayanması ilə yaranan boşluğu aradan qaldıra bilər.

"Patriot"a olan tələbat

Ancaq hava hücumundan müdafiə ilə bağlı vəziyyət fərqlidir. Bu sahədə Ukraynanın hələ də Amerika silahlarına, xüsusilə "Patriot" sistemlərinə ehtiyacı var.

"Patriot" havadan müdafiə sisteminə Avropanın alternativi olan Fransa-İtaliya birgə istehsalı "SAMP-T" Kiyevə verilib və Roma bu yaxınlarda üçüncü batareyanın payızda göndəriləcəyini elan edib. Lakin NATO diplomatlarının fikrincə, həm tələb olunan interseptorların istehsalı, həm də quraşdırma prosesi "Patriot"larla müqayisədə daha çox vaxt aparır. Üstəlik, Kiyev Avropa sisteminin effektivliyini də şübhə altına alır.

İyulun 14-də Tramp və Rutte razılaşmanı elan etmək üçün mətbuat qarşısında çıxış edərkən ABŞ prezidenti qeyd edib ki, Ukrayna üçün 17 "Patriot" sistemi satışa hazır ola bilər.

Almaniya ötən həftə bəyan edib ki, yaxın gələcəkdə Ukraynaya iki "Patriot" batareyası göndərəcək, lakin digər sistemlərin haradan gələcəyi məlum deyil. Hazırda Almaniya, Yunanıstan, Niderland, Polşa, Rumıniya və İspaniya daxil olmaqla altı Avropa ölkəsi "Patriot" sistemlərindən istifadə edir. Lakin bu ölkələr narahatdır ki, batareyalarını Ukraynaya verərək öz hava məkanlarını müdafiəsiz qoyacaqlar.

"Patriot" sistemlərinin iki əsas istehsalçısı olan "Lockheed Martin" və "Raytheon" Avropanın tələbatını qarşılamaq üçün istehsalı artırır, ancaq görünən odur ki, Rusiyanın davamlı hava hücumları altında olan Ukrayna onun faydasını yaxın vaxtlarda görməyəcək.

Yazını AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak hazırlayıb.

XS
SM
MD
LG