Keçid linkləri

2025, 06 Avqust, çərşənbə, Bakı vaxtı 07:46

Kişiləri müharibədə olan ukraynalı qadınlar metroda qatar sürürlər


Katerina Yesipçuk
Katerina Yesipçuk

Katerina Yesipçuk 2025-ci ilin iyununda Kiyev metrosunda qatar maşinisti kimi ilk növbəsini bitirəndə ayaqları ağrıyırdı. 25 yaşlı gənc izah edir ki, yeraltı qatarların əyləc sistemləri yalnız əllə idarə olunsa da, o instinktiv olaraq ayaqlarını yerə basır, çünki avtomobilinin əyləc pedalını idarə etməyə öyrəşib.

Qadınların metro qatarları sürməsinə 2017-ci ilə qədər icazə verilməyib. Həmin il qadınlar üçün çox "təhlükəli və zərərli" hesab edilən 450 peşə hər kəs üçün açılıb. O dövrdə metro nümayəndələri qadın maşinistlərə qoyulan qadağanı müdafiə edərək səs və vibrasiyanın qadınların reproduktiv sağlamlığına zərər verə biləcəyini iddia edirdilər.

Qadın metro maşinistlərinə qoyulan qadağa aradan qaldırıldıqdan sonra bu yaxınlara qədər heç bir qadın intensiv təlim mərhələsindən keçə bilməyib.

2024-cü ilin payızında Xarkov şəhərində bir qadın işləməyə başlayıb və bu gün həmin qadın - K.Yesipçuk Kiyevdə ilk və yeganə qadın yeraltı qatar maşinistidir.

Kəskin işçi qüvvəsi çatışmazlığı

Rusiyanın davam edən işğalı fonunda Ukrayna bir çox sənaye sahələrində ciddi işçi çatışmazlığı ilə üzləşir. 2024-cü ildə Kiyev metrosu maşinist çatışmazlığı səbəbindən qatarların tezliyini bir qədər azaldıb.

Yesipçuk deyir ki, anası əvvəlcə onun metroda, "yağ və kirin" içində sürücü kimi işləməsinə qarşı olub, amma əlavə edir ki, o, əllərinin çirkli olmasına öyrəşib.

Kiyev metrosu qatarının idarəetmə paneli
Kiyev metrosu qatarının idarəetmə paneli

Katerina əvvəlcə Dnepr şəhərində mexanik olmaq üçün təhsil alıb və o burada 93 kişi arasında yeganə qadın olub. "Bəzi müəllimlər əmin idilər ki, mən bir neçə kursu keçib, sonra oranı tərk edəcəm. Amma yox, mən təhsilimi bitirdim", - Yesipçuk xatırlayır.

Aylıq maaşı təxminən 670 dollar olan maşinist vəzifəsinə gələnə qədər o, Kiyev metrosunda digər vəzifələrdə çalışıb. Katerina deyir ki, əri onun bu addımı atmasına dəstək olub.

Maşinist hazırlığı proqramında Yesipçuk kursa başlayan 28 nəfərdən biri olub və ondan əlavə təlimlərdə üç qadın da olub. Proqramı yalnız 10 nəfər uğurla başa vurub ki, onların arasında yeganə qadın da Katerinadır.

Kiyevdə metronu bir qadının idarə etməsi müsbət mənada təəccüb yaratsa da, həm də bəzi problemlərə səbəb olub. Belə ki, növbələrdən birində Yesipçuk digər sürücü ilə növbəsini dəyişməyə hazırlanarkən qatar kabinəsinin qapısını açıb. Sərnişinlər onunla danışmaq üçün yaxınlaşıb və Katerina da nəzakətlə onlara cavab verib. Kimsə sərnişinlər və maşinist arasında bu səmimi dialoqu çəkib və bu video internetdə yayımlandıqda rəhbərlik protokolu pozduğuna görə Yesipçuku danlayıb. Maşinistin kabinəsinin qapısı açıq halda onun ictimaiyyətlə danışması qəti şəkildə qadağandır.

Kiyev metrosunun "Osokorki" stansiyası
Kiyev metrosunun "Osokorki" stansiyası

Yeraltında mümkün qədər az vaxt keçirir

Yesipçuk Kiyev metrosunun texnologiyasına heyran olsa da, yeraltında mümkün qədər az vaxt keçirir və sərnişin kimi metrodan istifadə etməməyə çalışır. O deyir: "Metro daima səs-küylüdür. İşdən sonra çölə çıxanda maşınlar siqnal versə belə, hər şey çox sakit görünür".

Onun tanışları bəzən Katerinadan niyə qışqıraraq danışdığını soruşur. "Mən artıq öyrəşmişəm ki, metroda eşidilmək üçün yüksək səslə danışmaq lazımdır", - Yesipçuk deyir.

Katerina uzun müddət maşinist kimi işləyib-işləməyəcəyinə hələ əmin deyil: "Mən bunun necə davam etdiyini görmək istəyirəm. Əgər anlasam ki, bu mənlik deyil və bu işlə bağlı qabiliyyətimi qabartmışam, o zaman, əlbəttə ki, başqa iş tapacağam. Amma, hələlik, cəhd edəcəyəm - maşinistliyə davam edəcəyəm".

Kiyev sovet dövründən qalma dekorativ metro stansiyaları ilə tanınır, lakin Yesipçuk deyir ki, onun ən çox sevdiyi stansiya növbəsini bitirmək üçün düşdüyü stansiyadır.

K.Yesipçukun evi şərqi Donetsk vilayətində yerləşən Mirnoqrad şəhəridir. Hazırda həmin ərazi işğalçı Rusiya qüvvələri ilə Ukrayna qoşunları arasında döyüş meydanına çevrilib. Hələlik, onun ailəsinin evi zədələnib, lakin hələ tam dağıdılmayıb.

"Mən sadəcə hər şeyin yaxşı olmasını və, nəhayət, "mən evə qayıdıram" deyə bilməyi istəyirəm", - Katerina bildirir.

Yazını AzadlıqRadiosunun Ukrayna xidmətinin fotojurnalisti Serqiy Nujnenko hazırlayıb.

XS
SM
MD
LG