Tramp Hindistanı yenidən rüsumlarla hədələyir

Donald Tramp

ABŞ prezidenti Donald Tramp Hindistandan gətirilən mallara rüsumları qaldıracağına yenidən söz verib. Bu dəfə o, Hindistanı Rusiya yanacağını alıb-satmaqda ittiham edib.

"Hindistan yalnız böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də onun böyük hissəsini açıq bazarda böyük mənfəətlə yenidən satır", - ABŞ prezidenti "Truth Social" şəbəkəsində yazıb. "Ukraynada nə qədər insanın Rusiyanın müharibə maşınının qurbanı olması onları maraqlandırmır".

Bu, ABŞ prezidentinin Nyu-Dehliyə qarşı gömrük rüsumlarını artıracağı ilə bağlı ilk açıqlaması deyil. Daha əvvəl də o, Rusiya ilə ticarət edən ölkələrin ABŞ-yə ixracatına 100 faiz gömrük rüsumu qoyulacağını bəyan etmişdi.

Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. Bunun əhəmiyyətli bir hissəsi neft məhsullarına çevrilərək daha sonra digər ölkələrə ixrac olunur. Xüsusilə Hindistan Avropa İttifaqına neft məhsullarının əsas ixracatçılarından birinə çevrilib.

İyulda Aİ 18-ci sanksiyalar paketi çərçivəsində Rusiya neftindən hazırlanan neft məhsulları almaqdan imtina edib. Lakin bu qadağa daha sonra altı aylıq təxirə salınıb və yanvardan qüvvəyə minəcək.

Müxtəlif media mənbələri bildirir ki, Trampın Rusiyaya qarşı siyasətinin sərtləşməsi fonunda Hindistan neft alışı mənbələrini diversifikasiya edir. Yanvardan bu ölkə ABŞ-dən neft idxalını artırıb.

30 iyul

Tramp bildirib ki, Hindistana 25% rüsum tətbiq olunacaq

ABŞ prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 25% gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. O, bu qərarını, digər səbəblərlə yanaşı, Hindistanın Rusiyadan hərbi texnika və enerji resursu alması ilə əsaslandırıb. Trampın sözlərinə görə, Hindistan 25 faiz rüsuma əlavə olaraq müəyyən bir "cərimə" də ödəməli olacaq. Bu barədə prezident "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hindistan bizim dostumuzdur", - deyən ABŞ dövlət başçısı eyni zamanda əlavə edib ki, bu ölkə "hər zaman hərbi texnikasının böyük bir qismini Rusiyadan alıb və Çinlə yanaşı, Rusiyanın enerji daşıyıcılarının ən böyük alıcısıdır. Halbuki hamı Rusiyanın Ukraynada qətlləri dayandırmasını istəyir".

"Bütün bunlar yaxşı deyil", – deyə qeyd edən prezident Tramp əlavə edib ki, avqustun 1-dən Hindistan "yuxarıda sadalanan səbəblərə görə 25% rüsum və əlavə cərimə ödəyəcək".

Daha əvvəl də Tramp bəyan etmişdi ki, Hindistana tətbiq olunacaq rüsumlar 20–25% səviyyəsində ola bilər. Bununla yanaşı, Hindistanla ABŞ arasında ticarət sazişi üzrə danışıqlar hələ yekunlaşmayıb.

Tramp həmçinin vurğulayıb ki, ABŞ ilə razılığa gələ bilməyən ölkələr üçün əvvəlcədən artırılmış gömrük rüsumlarının tətbiqi tarixi, yəni 1 avqust dəyişdirilməyəcək.

ABŞ indiyədək yalnız az sayda ölkə ilə, o cümlədən Böyük Britaniya ilə ticarət sazişi imzalayıb. Bundan əlavə, Aİ ilə ilkin razılaşma əldə olunub, Avropa İttifaqı üçün rüsumlar 15% təşkil edəcək.