Rusiya rəsmi şəkildə orta və qısamənzilli raketlərin yerləşdirilməsinə dair birtərəfli moratoriumdan imtina etdiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) avqustun 4-də yaydığı rəsmi bəyanatında qeyd olunub ki, Moskva bu addımı kollektiv Qərbin Rusiya sərhədlərinə yaxın bölgələrdə "sabitliyi pozan" raket imkanlarını artırmasına cavab olaraq atır. XİN bildirib ki, Kreml raketlərin yerləşdirilməsi ilə bağlı qərarını Amerika və digər Qərb ölkələrinin orta və qısamənzilli raket fəaliyyətlərinin təhlili əsasında verəcək.
Bu tip silahlar 2019-cu ilə qədər 1987-ci ildə imzalanmış müqavilə ilə məhdudlaşdırılırdı. Lakin ABŞ Rusiyanın "İskəndər" komplekslərindən biri üçün nəzərdə tutulan raketin müqavilənin şərtlərini pozduğunu bildirərək bu müqavilədən çıxdığını elan etmişdi.
Moskva isə bildirmişdi ki, əgər NATO bu cür raketləri yerləşdirməzsə, Rusiya da öz orta və qısamənzilli raketlərini müvafiq regionlarda yerləşdirməyəcək. 2019-cu ildə Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinə bu tipli raketlərin yerləşdirilməsinini məhdudlaşdıran moratoriuma qoşulmağı təklif etmişdi. Lakin dekabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məhdudiyyətləri "yararsız" adlandırıb.
Kreml daha əvvəl də müqavilə ilə qadağan olunmuş yeni raketlərin istehsalı üzərində işləməyə başladığını bəyan edib. Rusiya bildirir ki, bu addımlar ABŞ-nin Almaniyada yerləşdirməyə hazırlaşdığı raketlərə cavab olaraq atılır. Berlin isə ABŞ raketlərinin yerləşdirilməsini Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqələndirir və onları Rusiyanı cilovlamaq üçün nəzərdə tutulmuş vasitə adlandırır.
Orta və qısamənzilli raketlər (RSMR) qurudan atılan və 500-dən 5 min 500 kilometrədək məsafə qət edə bilən ballistik və qanadlı raketlərdir. Bu raketlər adətən nüvə başlığı daşımaq qabiliyyətinə malik olurlar.