ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Kremlə verdiyi müddətin bitməsi ərəfəsində (8 avqust) Vaşinqton Moskvanı iqtisadi cəhətdən sıxışdırmağa çalışır və bunun üçün yeni hədəf tapıb: Rusiyanın Çinə neft satışı.
Çinin Rusiyadan satın aldığı neft həcminin məhdudlaşdırılması məsələsi Stokholmda davam edən ABŞ-Çin ticarət danışıqlarında gözlənilməz problemə çevrilib. Bu danışıqlarda hər iki tərəf sərt tariflərin qarşısını almaq və ticarət sazişi imzalamaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa çalışır.
ABŞ prezidenti D.Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı narazılığı artır. Buna səbəb isə Putinin Ukraynada sülhə nail olmaq üçün Trampın indiyə qədərki səylərini rədd etməsidir. Buna görə də Vaşinqton Moskvanın milyardlarla dollar gəlir əldə etməsini əngəlləyərək daha çox təsir gücü əldə etməyə ümid edir.
ABŞ-nin keçmiş prezidenti Corc Buşun Ağ evdə Çin üzrə baş müşaviri olmuş Dennis Uaylder AzadlıqRadiosuna deyib: "Administrasiya Rusiyanın Çinə neft satışının nə qədər vacib olduğunu başa düşüb. Onlar olmasa idi, Rusiya iqtisadiyyatının artıq çökməyə başladığını demək olardı".
Lakin Pekini ABŞ-nin tələblərini yerinə yetirməyə razı salmaq çətinləşir, çünki Çin rəsmiləri danışıqlar davam etdiyi müddətdə ölkənin neft alışını azaltmaqdan imtina edirlər. Buna cavab olaraq ABŞ-nin maliyyə naziri Skott Bessent 100 faizlik tariflərin tətbiqi ehtimalını gündəmə gətirib.
"Çin hər zaman enerji təchizatını milli maraqlarımıza uyğun şəkildə təmin edəcək", - Çin Xarici İşlər Nazirliyi ötən həftə X platformasında ABŞ-nin tarif təhdidlərinə cavab olaraq bildirib. "Təzyiq və məcburiyyət heç bir nəticə verməyəcək. Çin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcək".
Rusiya-Çin neft kəməri
AzadlıqRadiosuna danışan keçmiş rəsmilər və enerji məsələləri üzrə analitiklər bildirir ki, Çin Rusiyadan neft alışını tamamilə dayandırmayacaq. Lakin, eyni zamanda, onlar qeyd edir ki, Pekin və Vaşinqton iqtisadi razılaşma əldə etməyə çalışdıqları bir vaxtda xoş niyyət jesti kimi Çin qısa müddətə neft alışını məhdudlaşdırmağa hazır ola bilər. Ticarət razılaşması oktyabrda baş tutması ehtimal olunan Tramp və Çin lideri Si Cinpin arasında mümkün sammitə zəmin yarada bilər.
"Pekin Rusiyadan aylıq neft idxalını sezdirmədən azaltmağa qərar verə bilər, bu mümkündür, amma onların bu idxalı tamamilə dayandıracağını və ya belə bir dəyişikliyi açıq şəkildə elan edəcəyini gözləmirəm", - Uaylder qeyd edib.
ABŞ Çini Rusiya neftindən imtinaya inandıra bilərmi?
Vaşinqtonun Pekini Rusiyadan neft idxalını azaltmağa razı salıb-salmayacağı hazırda Stokholmda keçirilən mürəkkəb ABŞ-Çin ticarət danışıqlarından asılı olacaq. Razılaşma əldə etmək üçün son tarix 12 avqustdur.
Çinin Rusiyadan neft alışını məhdudlaşdırmaqla yanaşı, Vaşinqton Pekindən İran neftindən də imtina etməyi tələb edir. ABŞ sanksiyaları altında olan İran hazırda neft ixracatının 90 faizindən çoxunu Çinə göndərir.
Analitiklər bildirir ki, Rusiya Çinin ümumi neft tələbatının təxminən beşdə birini təmin edir.
Tramp həmçinin Hindistana qarşı təzyiqləri artırıb. 2022-ci ilin fevralından - Moskvanın Ukraynaya genişmiqyaslı hücumundan bəri Hindistan Çinlə birlikdə Rusiya neftinin ən böyük alıcıları arasında, birinci və ya ikinci yerdə qərar tutur.
Avqustun 4-də "Truth Social" platformasındakı paylaşımında prezident Tramp Hindistan mallarına artıq 25 faizlik rüsum tətbiq ediləcəyini bildirib. O, Rusiya ilə neft ticarətinə görə Hindistana qarşı tarifləri "əsaslı şəkildə" artıracağı barədə xəbərdarlıq edib.
Analitiklər deyir ki, Çin və Hindistanın Rusiyadan neft idxalını məhdudlaşdırması Moskvada hiss olunacaq, lakin Pekinin də əlində ABŞ-yə qarşı oynanacaq kartları var.
İndi Ağ ev fəal şəkildə Çini daha çox ABŞ məhsulu, xüsusilə də Amerika texnologiyası almağa təşviq edir. Tramp və Bessent həmçinin bildiriblər ki, onlar Çindən ABŞ şirkətlərinin bu ölkədə biznes fəaliyyətini asanlaşdırmağı və Pekinin daha çox ABŞ enerjisi almağını istəyirlər.
Vladimir Putin Amur vilayətinin uzaq şərq bölgəsində Rusiya-Çin neft kəmərinin Rusiya hissəsinin açılış mərasimi zamanı tənzimləyici klapanı açır. 2010
Lakin Çin nadir torpaq minerallarının ixracındakı üstün mövqeyindən özü üçün güzəştlər əldə etmək məqsədilə istifadə edir. Bu minerallar elektrikli avtomobillərin batareyalarından tutmuş, əhəmiyyətli müdafiə texnologiyalarına qədər bir çox şeyin istehsalı üçün zəruridir.
Bu, iyulda Pekinin nadir torpaq minerallarının satışına qoyduğu məhdudiyyətləri aradan qaldırması müqabilində ABŞ-nin təyyarə mühərrikləri və "Nvidia"nın H20 süni intellekt çiplərinin satışına qoyulan qadağanı yumşaltması ilə özünü göstərib.
Neft alışları ilə bağlı çox sərt təzyiq ABŞ və Çin danışıqçılarının artıq əldə etdiyi bəzi ticarət irəliləyişlərini poza bilər.
"Pekin nadir torpaq minerallarının ixracına qoyduğu məhdudiyyətlərin güclü silah olduğunu nümayiş etdirib və ABŞ administrasiyası da bu zəif barışığı riskə atmaq istəməz", - Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) tədqiqatçısı Mariya Şaqina AzadlıqRadiosuna bildirib.
Vaşinqtonun Çin üzərində hansı təsir gücü var?
Pekin Rusiyanın Ukraynaya qarşı müharibə səylərinə zərər verə biləcək hər hansı addım atmaqda da tərəddüd edə bilər.
Çin Rusiyanın ən yaxın dəstəkçilərindən biridir. 2022-ci ilin fevralında Kreml Ukraynaya qarşı genişmiqyaslı işğala başlamazdan əvvəl Putin və Si Cinpin "məhdudiyyətsiz" tərəfdaşlıq elan ediblər. Pekin Rusiyaya ölümcül silah yardım göndərməkdən çəkinsə də, Çin şirkətləri müharibə müddətində Moskvanın raket, dron və digər hərbi sursat ehtiyatlarını bərpa etməsinə imkan verən çoxfunksiyalı məhsulların əksəriyyətini təmin edib.
İyulda Çin xarici işlər naziri Van İ Avropa İttifaqının baş diplomatı Kaya Kallasla görüşdə deyib ki, Pekin Rusiyanın müharibədə məğlubiyyətini istəmir. Çünki Pekin hesab edir ki, bu, Vaşinqtonun diqqətini Çinə yönəltməsinə imkan verəcək. Bu şərhləri ilk dəfə "South China Morning Post" yayımlayıb və daha sonra AzadlıqRadiosu (RFE/RL) tərəfindən təsdiqlənib.
Ekspertlər bildirir ki, ABŞ Senatında təqdim edilmiş qanun layihəsi Vaşinqtonun Pekinə qarşı danışıqlarda istifadə edə biləcəyi bir vasitə ola bilər.
Qanun layihəsi Rusiyanın müharibə maşınını bu ölkədən neft və qaz alaraq dəstəkləyən ölkələrə, əsasən, Çin və Hindistana 500 faizə qədər ticarət rüsumu tətbiq etməyi nəzərdə tutur. Lakin Konqres sözügedən qanun layihəsini qəbul edərsə, bu gərginliyi kəskin şəkildə artıracaq.
Bu arada Pekin Rusiyadan neft alışını məhdudlaşdırmaq da daxil olmaqla, öz variantlarını nəzərdən keçirir. Çin, eyni zamanda, Tramp administrasiyasını ABŞ-yə daha çox investisiya yatırmaq və bu ölkənin enerji və kənd təsərrüfatı məhsullarının satışını artırmaq vədləri ilə şirnikləndirmək istəyir.
ABŞ-də yerləşən "Atlantic Council" analitik mərkəzində Çin və Rusiyanın enerji münasibətləri üzrə eksperti Co Vebster deyib ki, Pekinin Rusiya neftinin alışını azaltmaqdansa, ABŞ-dən enerji alışını artıracağı ehtimalı daha yüksəkdir.
"ABŞ ixracatını artırmaq Çinin ata biləcəyi olduqca sadə bir addımdır. Rusiyadan idxalı azaltmaq isə daha çətindir, çünki bu, Rusiyanın ciddi maddi zərər görməsinə səbəb ola bilər və Pekin açıq-aşkar Moskvanın müharibəni itirməsini istəmir", - o, AzadlıqRadiosuna bildirib.
Amma hətta buna da Pekin tərəddüdlə yanaşa bilər.
Uzun zamandır Çin rəsmiləri narahatdır ki, ABŞ və onun müttəfiqləri bu ölkənin iqtisadiyyatını xarici neft təchizatını kəsməklə zəiflədə bilər. Bu isə Çini öz daxili istehsalını gücləndirməyə və dünyanın ən böyük elektrikli avtomobil sənayesini yaratmaq üçün yüzlərlə milyard dollar sərmayə qoymağa sövq edib.
"Pekin Rusiya da daxil olmaqla heç kimdən, xüsusən də ABŞ-dən asılı olmağa can atmır", - Vebster deyib. O əlavə edib ki, bu tələb istəksizliklə qarşılanacaq.
Yazını AzadlıqRadiosunun müxbiri Rid Stendiş hazırlayıb.