'Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh memorandumu imzalanacaq' – Mənbə

Əbu-Dabidə Paşinyan-Əliyev danışıqları

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşəcəyi bildirilir. Ekspert deyir, sülh olmayacaqsa, Tramp bu məsələyə niyə qol qoysun?

Gözlənilir ki, bu cümə Vaşinqtonda tərəflər sülh niyyətlərini bəyan etsin – son günlər yayılan xəbərlərdə belə deyilir. Azərbaycan və Ermənistan rəsmiləri bu məlumatı, hələlik, nə təsdiq, nə də təkzib edib. ABŞ son dönəmlər istər sülhün imzalanmasında, istərsə də kommunikasiya xətlərinin açılması prosesində aktiv iştirak etməyə çalışır.

+++

Azərbaycan və Ermənistan bu həftəsonu Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşır. Bunu avqustun 4-də ABŞ Dövlət Departamentinin müxbiri Ələkbər Raufoğlu X hesabındakı paylaşımında bildirib.

Jurnalist öz mənbələrinə istinadən yazıb ki, prezident Donald Trampın cümə günü - avqustun 8-də Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edəcəyi gözlənilir.

O qeyd edib ki, ABŞ prezidenti Paşinyanla və Əliyevlə ayrıca görüşlər keçirəcək və daha sonra üç liderin birgə bəyanatı olacaq.

"Middle East Eye" saytı da məsələdən xəbərdar olan regional mənbələrə istinadən bildirib ki, Azərbaycan və Ermənistan Vaşinqtonda anlaşma memorandumu imzalayacaq.

"Mənbələr ABŞ prezidenti Donald Trampın imzalanma mərasimi üçün Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcəyini bildiriblər. Mənbələrin sözlərinə görə, iki liderin sülh sazişinin layihəsindən daha çox "niyyət məktubu" imzalayacağı gözlənilir. Bu, Trampa ötən aydan bəri regionda axtardığı diplomatik nailiyyəti təmin etmiş olacaq", - "Middle East Eye" yazıb.

Ermənistan baş nazirinin ofisi Vaşinqton görüşü ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib: "Hazırda baş nazir Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik".

Martda Yerevan və Bakı sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, Azərbaycan sazişin imzalanması üçün bir sıra əlavə şərtlər irəli sürüb.

Gözlənilən Ağ ev sammiti iki lider arasında iyulda Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra keçirilir. Görüşdən sonra liderlər bildirmişdi ki, hər iki ölkə bir neçə ay ərzində sazişin əsas prinsiplərini yekunlaşdıra və sonra paraflaya bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Zəngəzurun 100 illik icarəsi...' - Bakı və Yerevan dəhlizin icarəsini Vaşinqtona verəcəkmi?

Alman politoloq: "Sülh olmayacaqsa, Tramp bu məsələyə niyə qol qoysun?"

AzadlıqRadiosunun erməni xidmətinə danışan siyasi şərhçi Akop Badalyan deyir ki, görüş baş tutsa, bu, ABŞ prezidenti üçün çox yaxşı PR olacaq: "Bəlkə də, indi məqsəd Ermənistan-Azərbaycan prosesi üzərindən informasiya-təbliğat səhnəsi qurmaqdır. Görünür, söhbət sadəcə hansısa ilkin imzalanacaq sənəddən və ya prosesdən gedə bilər. Hər halda, bu ilkin sənəd tərəflər üçün heç bir hüquqi öhdəlik yaratmayacaq".

Rəsmi Bakı sülh sazişinin imzalanması üçün iki tələbi aktual saxlayır- Ermənistanda konstitusiyaya dəyişiklik və Minsk qrupunun ləğvi. Baş nazir Paşinyan yeni konstitusiyanın hazırlanması göstərişini versə də, bunun 2026-cı ildən tez baş verəcəyi gözlənilmir. Minsk qrupu ilə bağlı isə Paşinyan deyib ki, eyni vaxtda sülh müqaviləsi imzalansın və Minsk qrupunun ləğvi üçün müraciət olunsun.

Ştefan Mayster

Berlində yerləşən Alman Xarici Əlaqələr Şurasının araşdırmaçısı, Cənubi Qafqazda yeni strategiya kitabının müəllifi Ştefan Mayster deyir ki, tərəflər artıq bir neçə dəfə sülh niyyətlərini bəyan ediblər, bu yeni bir şey deyil, Tramp administrasiyasının məqsədi sülhün imzalanmasıdır: "Əgər Tramp hər iki tərəfə ciddi təzyiq göstərsə və dəhliz, ATƏT və konstitusiya dəyişikliyi məsələsində müəyyən güzəştlər təklif etsə, ortaq bir formula tapıla bilər. Amma məncə, əsas məqsəd razılaşma imzalamaqdır. ABŞ prezidentinin bu prosesi dəstəkləməsinin başqa bir səbəbini təsəvvür edə bilmirəm – əgər görüş heç bir irəliləyiş gətirməyəcəksə, o zaman niyə məşğul olsun? Yəni, əgər sən ABŞ prezidenti ilə görüşürsənsə, deməli, tarixi moment yaratmaq arzusundasan. Bu görüş yalnız hər iki tərəf konkret nəsə təklif edərsə, baş tutacaq. Bəlkə də, danışıqlar gedir. ABŞ tərəfi ilə Fransa arasında telefon danışığı olub. İndi bu məsələdə cəlb olunmuş digər aktorlarla da təmasdadırlar. Görünür ki, pərdəarxası– bizim görə bilmədiyimiz sahədə – danışıqlar və koordinasiya gedir".

Ekspert bildirir ki, hansısa irəliləyişlər olmasa, Tramp bu məsələdə marağını itirə bilər. O, Rusiya-Ukrayna danışıqlarını örnək gətirir, deyir ki, bu məsələdə indi Tramp administrasiyası bir irəli, bir geri addım atır.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.