ABŞ-nin Texas ştatında 22 yaşlı hərbi qulluqçu Teylor Adam Li həbs olunub. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ona qarşı "M1A2 Abrams" tankının zəif tərəfləri barədə məxfi məlumatları ötürməyə cəhd ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, 2025-ci ilin iyununda yüksəksəviyyəli məxfi rejimə çıxışı olan Li tankla bağlı məlumatları onlayn şəkildə göndərib və Rusiyaya kömək təklif edib. Yazışmalarında o, Rusiya Federasiyasına "könüllü şəkildə" yardım etməyə razı olduğunu bildirib.
İyulda 22 yaşlı hərbçi Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşüb və ona məxfi məlumatların olduğu flaşkartı təqdim edib. Görüş zamanı tankın bir detalının ötürülməsi müzakirə olunub. Ayın sonunda Li həmin detalı Texasdakı anbara çatdırıb və qarşı tərəfə tapşırığın yerinə yetirildiyini bildirib.
Federal Təhqiqat Bürosunun əks-kəşfiyyat departamentinin direktorunun müavini Roman Rojavskinin sözlərinə görə, Li ötürdüyü məlumatlar qarşılığında Rusiya vətəndaşlığı alacağına ümid edib və əlaqə qurduğu şəxsin Rusiya kəşfiyyatının nümayəndəsi olduğuna inanıb.
2023-cü ilin payızında ABŞ Ukraynaya 31 ədəd "M1A1 Abrams" tankı verib. "The New York Times" qəzetinin xəbərinə görə, 2025-ci ilin yazına qədər bu tanklardan 19-u Rusiya ordusu tərəfindən ya məhv edilib, ya zədələnib, ya da ələ keçirilib.